Azərbaycanın təşəbbüskarlığı və konstruktiv mövqeyi sayəsində COP29 iqlim dəyişmələri ilə mübarizə istiqamətində tarixi qərarların qəbul edildiyi, beynəlxalq ictimaiyyət tərəfindən dönüş nöqtəsi kimi qiymətləndirilən bir platforma idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə politoloqu Hüsaməddin İnaç deyib.
Azərbaycanın uğurlu ev sahibliyi ilə keçirilmiş COP29 ilə hazırda Braziliyada davam edən COP30-u müqayisə edən politoloq bildirib ki, Zərər və İtki Fonunun fəaliyyətə başlaması, iqlim maliyyələşməsi üçün mexanizmlərin yaradılması və iqlim ədaləti mövzusunda əldə olunmuş konsensus COP29-un qlobal miqyasda əhəmiyyətini bir daha göstərib. Bu qərarlar iqlim diplomatiyasında yeni mərhələnin əsasını qoyub.
Hüsaməddin İnaç əlavə edib ki, Azərbaycan son illərdə həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş və nüfuzlu aktora çevrilib. “Azərbaycanın artan beynəlxalq nüfuzu, xüsusilə COP29-da nümayiş etdirdiyi liderlik bəzi regional və qlobal gücləri narahat edir. Bu qüvvələr Azərbaycanın əldə etdiyi uğurları kölgələmək və onun beynəlxalq arenadakı müsbət imicinə xələl gətirmək üçün müxtəlif cəhdlər göstərə bilərlər. Lakin Azərbaycanın praqmatik siyasəti və diplomatik fəallığı bu cəhdlərin qarşısını almağa qadirdir”, - deyə Türkiyə politoloqu vurğulayıb.