Biz çox mühüm geosiyasi dəyişikliklərin baş verdiyini görürük. Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Asiya-Qafqaz İnstitutunun (CACI) Avrasiya üzrə baş elmi işçisi Con DiPirro noyabrın 18-də Bakıda keçirilən Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib: “Mənim qiymətləndirməmə görə, sabit və təsirli bir Cənubi Qafqaz ABŞ-ın marağındadır. Mən bu bölgəni bir növ arxitektura kimi dəyərləndirirəm. ABŞ, Avropa və digər tərəfdaşlar üçün Orta Dəhlizin tam reallaşması üçün belə bir regional arxitektura zəruridir. Əgər prosesi təhlil etsək görərik ki, belə bir arxitekturanın formalaşması və davamlı olması üçün əvvəlcə TRIPP marşrutu inkişaf etdirilməlidir. Bu marşrutun inkişafı isə Ermənistanda siyasi davamlılıq tələb edir”.