Kamran Bokhari: “Tramp marşrutu” Cənubi Qafqazda Şərq-Qərb ticarəti üçün yaranan əngəlləri aradan qaldıracaq

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması olduqca vacib hadisədir. Bu, çox təbii bir inkişafdır və tamamilə məntiqə uyğundur. Hesab edirəm ki, münasibətlər yüksələn xətlə davam edəcək. Çünki Ermənistanla müharibənin keçmişdə qalması Azərbaycanın bütün sahələrdə beynəlxalq əlaqələrini daha da genişləndirməsinə fürsət yaradacaq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Avrasiya Təhlükəsizlik və Rifah Proqramının baş direktoru Kamran Bokhari deyib.

O qeyd edib ki, “Tramp marşrutu” Cənubi Qafqazda Şərq-Qərb ticarəti üçün yaranan tıxacları və əngəlləri aradan qaldıracaq. Bu yanaşma bütöv Xəzər regionuna şamil edilə bilər.

“Müharibədən sonrakı bərpa prosesi isə zaman alacaq, çünki bu iki ölkə uzun müddət bir-biri ilə qarşıdurmada olub. Yalnız son beş il ərzində Azərbaycan Qarabağ üzərindəki nəzarətini bərpa edib və bu, irəliləmiş mərhələdə olan sülh prosesinə yol açıb. ABŞ da bu prosesə yaxından dəstək verir. Ancaq sülh müqaviləsi imzalamaq bir məsələdir, keçmişi arxada qoymaq isə tamamilə başqa məsələdir. Keçmişi unutmaq səbir, vaxt və hər iki tərəfin anlayışını tələb edir. Ona görə də hesab edirəm ki, bu iki ölkə iqtisadi faydalar üçün əməkdaşlıq etməlidir. Yalnız bu yolla sülhsevər münasibətlərə nail olacaqlar”, - deyə Kamran Bokhari əlavə edib.