Novruz Aslanov: Azərbaycan TDT-nin əsas geosiyasi və iqtisadi dayaqlarından birinə çevrilib

Türk Dövlətləri Təşkilatı (TDT) humanitar strategiyasını müəyyənləşdirərək, beynəlxalq həmrəyliyin yeni mərhələsinin əsasını qoyur. Bu il bizim üçün xüsusilə önəmlidir, çünki Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 105 illiyidir. Bu qurum yüzilliyi aşan fəaliyyəti ərzində minlərlə insana ümid, dayaq və mərhəmət gətirib. Həmçinin ölkəmizin ən etibarlı humanitar qurumlarından birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov deyib.

O qeyd edib ki, Azərbaycan Türk birliyinə sədaqətini sözlə deyil, əməli işləri ilə nümayiş etdirir. “Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan TDT-nin əsas geosiyasi və iqtisadi dayaqlarından birinə çevrilib. Qəbələdə keçirilən son sammit də bunun bariz nümunəsidir. Bu təşəbbüslər mədəni, elmi və humanitar əlaqələrimizi daha da gücləndirir. TDT-yə üzv dövlətlərin Qızıl Aypara cəmiyyətlərinin rəhbərləri tərəfindən “Qırmızı Şəbəkə” platformasının yaradılması haqqında memorandumun imzalanması, vahid humanitar reaksiya mexanizmlərinin formalaşdırılmasına doğru atılan mühüm addımdır. Bu, humanitar diplomatiyanın prinsiplərinə tam uyğun, strateji əhəmiyyət daşıyan bir qərardır. “Qırmızı Şəbəkə” humanitar dəyərlər, həmrəylik və qarşılıqlı dəstək prinsipləri üzərində qurulur. Biz əməkdaşlığımızı daha da gücləndirmək niyyətindəyik. Çünki bizim üçün ən böyük güc insanlığa xidmət etməkdir”,- deyə N.Aslanov əlavə edib.