ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə bir sıra görüşlər keçirərək Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.
Bu barədə Milli Məclisin komitə sədri Səməd Seyidov AZƏRTAC-a açıqlama verib.
O bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər artıq Azərbaycan-ABŞ münasibətlərini yeni mərhələyə yüksəldib. Bu sənədlər strateji əlaqələrin yaradılmasına, regionda sülh, əmin-amanlıq və inkişafın təmin olunmasına, həmçinin Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə qorunmasına xidmət edir. Sülh prosesini tamamilə yeni səviyyəyə qaldıran bu tarixi görüş bir sıra vacib nəticələri özündə əks etdirir: “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun -TRIPP (Zəngəzur dəhlizinin) açılmasına, Minsk qrupunun tamamilə ləğv olunmasına, sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasına yönəlik addımlar, Azərbaycan ilə ABŞ arasında xüsusi işçi qrupun yaradılması və əlaqələrin yeni strateji mərhələyə yüksəlməsi, həmçinin təhlükəsizlik, süni intellekt, nəqliyyat və hərbi əməkdaşlığın gücləndirilməsi.
“Bu məsələlər içərisində xüsusi yer tutan 907-ci düzəliş illər boyu Azərbaycana qarşı qeyri-obyektiv və ədalətsiz formada tətbiq olunub. 1992-ci ildə erməni lobbisinin təsiri ilə qəbul edilmiş bu düzəliş Azərbaycan üçün ciddi məhdudiyyətlər yaratmışdı. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ABŞ Prezidenti Donald Trump tərəfindən imzalanmış və uzun illər ədalətsiz sayılan 907-ci düzəlişin ləğv edilməsi barədə sənəd Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. ABŞ tərəfindən Azərbaycana qarşı uzun illər mövcud olmuş ədalətsizliyin aradan qaldırılmasına şərait yaradan bu addımdan sonra Birləşmiş Ştatlarda ölkəmizlə bağlı münasibətlər tamamilə yeni mərhələyə keçib.
Səfər çərçivəsində konqresmenlərlə keçirilən görüşlər zamanı Prezident Donald Trumpa təşəkkür ifadə olunub, sülh prosesinə dəstək konkret şəkildə vurğulanıb və artıq 907-ci düzəlişin yalnız müvəqqəti dondurulmasından deyil, tam gündəmdən çıxarılmasından danışılır. ABŞ-da yaranmış yeni ab-hava Azərbaycanın müstəqilliyini, suverenliyini və sülh istiqamətində fəaliyyətini dəstəkləyən mövqelərin artdığını göstərir. Bu dəyişiklik Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və regionda sülhün, əməkdaşlığın və inkişafın təşviqinə xidmət edir”, - deyə S.Seyidov vurğulayıb.
Deputat əlavə edib ki, 907-ci düzəlişin tam ləğvi ABŞ tərəfindən Azərbaycana qarşı tarixi ədalətsizliyin aradan qaldırılması deməkdir. Məhz buna görə erməni lobbisi, onların tərəfdarları və onlara dəstək verən qurumlar hələ də bu məsələ ilə maraqlanır və müdaxilə etməyə çalışırlar. Bununla yanaşı, 907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərini tamamilə yeni mərhələyə yüksəltməyə şərait yaradır. Bu addım ticarət, iqtisadiyyat, süni intellekt, rəqəmsal texnologiyalar, logistika, hərbi əməkdaşlıq və digər sahələrdə əlaqələrin daha keyfiyyətli inkişafına imkan verir.
“907-ci düzəlişin ləğvi faktiki olaraq rəmzi xarakter daşıyır, çünki Azərbaycan bu ədalətsiz qərarın yaratdığı mənfi nəticələri artıq öz siyasəti, xalqı və gücü vasitəsilə həll edib. Bu gün Azərbaycan tamamilə yeni istiqamətdə və səviyyədə fəaliyyət göstərir. Azərbaycan sülh istiqamətində təşəbbüslər göstərən bir dövlət kimi işğala son qoyub, separatizmin kökünü kəsib. Biz kommunikasiyaların açılmasını təşviq edərək, Ermənistanı sülhə dəvət etmişik”, - deyə Milli Məclisin komitə sədri bildirib.
Məlumat üçün qeyd edək ki, ABŞ-da səfərdə olan nümayəndə heyətinə Azərbaycanın deputatları, Xarici İşlər Nazirliyinin, strateji beyin mərkəzlərinin, həmçinin dini icmaların nümayəndələri daxildir.