Rusiya XİN “3+3” platformasını vacib hesab edir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “3+3” platforması Cənubi Qafqaz ölkələrində əməkdaşlığın və davamlı inkişafın gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, həftəlik brifinqdə sualı cavablandıraraq o, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında formatın ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşünün harada - Bakıda və ya İrəvanda keçiriləcəyi barədə tez bir zamanda razılığa gəlməsini gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər görüşlərin ardıcıllığını əldə edilən paket razılığına əsasən müəyyən etməlidirlər. Moskva Bakı və İrəvanın istənilən birgə qərarını dəstəkləyəcək.

Rusiyalı diplomat xatırladıb ki, bu il ərzində Azərbaycan və Ermənistan tərəfləri Əbu-Dabi, Vaşinqton və Düşənbədə bir sıra ikitərəfli görüşlər keçiriblər. Bu birbaşa danışıqlar “3+3” platforması üzrə məsələni daha tez razılaşdırmağa kömək edəcək.

Formatın özünün əhəmiyyətindən danışan M.Zaxarova platformaya Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin daxil olduğunu qeyd edib. Üç görüş keçirilib, iqtisadiyyat, enerji, nəqliyyat və mədəni sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur, ekspert icması arasında qarşılıqlı əlaqələr inkişaf edir.

O, həmçinin vurğulayıb ki, Gürcüstan da daxil olmaqla, regiondakı bütün ölkələrin iştirakı Cənubi Qafqazda sabitliyin və rifahın möhkəmləndirilməsinə töhfə verəcək.