Bişkek neft məhsulları tədarükünün şaxələndirilməsində və Azərbaycan üzərindən keçən sabit marşrutlarda maraqlıdır

Qırğızıstan neft məhsulları tədarükünün şaxələndirilməsində və Azərbaycan üzərindən keçən sabit marşrutlarda maraqlıdır ki, bu da yüklərin tranziti və beynəlxalq logistika zəncirlərində iştirak üçün həyati əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında qırğız politoloq və iqtisadçı İsgəndər Şarşeyev bildirib.

Onun sözlərinə görə, region ölkələri ortaq tarix, dil və mədəniyyətlə sıx şəkildə bağlıdır ki, bu da əməkdaşlığın daha da dərinləşdirilməsini asanlaşdırır.

Qırğızıstan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən danışan ekspert vurğulayıb ki, birgə inkişaf fondu iri layihələri fəal dəstəkləyir, sahibkarlığın inkişafını stimullaşdırır və milyonlarla dollarlıq büdcələrə malik təşəbbüslərin həyata keçirilməsi üçün şərait yaradır. Onun fikrincə, Çin və Özbəkistanla birgə reallaşdırılan dəmir yolu layihələri Azərbaycanın limanlarına birbaşa çıxış açacaq və Avropa bazarları ilə inteqrasiyanın əsas elementlərindən birinə çevriləcək.