Paulo Botta: Azərbaycan kimi ölkələr Avrasiya ilə Latın Amerikası arasında “körpü” rolunu oynaya bilər

Azərbaycan kimi ölkələr Avrasiya ilə Latın Amerikası arasında “körpü” rolunu oynaya bilər. Ölkənizin iqtisadi əlaqələrinin çoxşaxəliliyi, zəngin tarixi və geosiyasi mövqeyi üzərində qurulmuş diplomatik təcrübə həmin bilik və bacarıqların Avrasiya ilə Latın Amerikası arasındakı münasibətlərə də ötürülməsini mümkün edir.

Bunu AZƏRTAC-a müsahibəsində Argentinanın nüfuzlu “TRENDS Research & Advisory” beyin mərkəzinin ofis rəhbəri Paulo Botta bildirib.

Onun sözlərinə görə, bu baxımdan həm universitetlərin, həm də analitik mərkəzlərin akademik təşəbbüsləri, eləcə də mədəni layihələr xüsusi əhəmiyyət kəsb edir.

“Artıq on ildən artıqdır ki, La Plata Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində Azərbaycanşünaslıq kafedrası fəaliyyət göstərir. Bu kafedra analitik materialların dərc edilməsi, tərcümələr, akademik tədbirlərin təşkili və tanışlıq səfərləri kimi fəaliyyətlər vasitəsilə qarşılıqlı əlaqələrin güclənməsinə əhəmiyyətli töhfə verib. Belə təşəbbüslər münasibətlərin davamlılığını təmin edir, əlaqələrin sosial əsasını genişləndirir və əməkdaşlığın yalnız hökumətlər səviyyəsində deyil, həm də xalqlar arasında inkişafına şərait yaradır”, - deyə o əlavə edib.