Türkiyəli nazir Türk dünyasının Ortaq qadınlar platforması yaratmaq planlarını açıqlayıb

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türk dünyasının Ortaq Qadınlar Platformasının yaradılması planlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Ərzincanda Binəli Yıldırım Universitetində keçirilən simpoziumda çıxış edən nazir Türk dünyasında qadınlar arasında Türkiyənin ailə siyasəti sahəsindəki təcrübəsinin paylaşılmasına imkan verəcək yeni bir dialoq formatının yaradılması üzrə fəal səylərdən danışıb.

M.O. Göktaş qadınları türk cəmiyyətinin dəyərlərinin daşıyıcıları adlandıraraq, onların həyatın bütün sahələrində fəal iştirakının türk dövlətlərinin ortaq tarixi məsuliyyəti olduğunu qeyd edib.

Bu baxımdan türkiyəli nazir, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) əhəmiyyətini vurğulayaraq onu “türk xalqlarının ailəsi” adlandırıb.

O, Türk dünyası qadınlarının vahid dialoq formatı ətrafında birləşdirilməsinin TDT-nin inkişafı üçün yeni üfüqlər açacağına əminliyini ifadə edib. Nazir bildirib ki, qadınların hərtərəfli dəstəklənməsi ailəyə göstərilən dəstəyə və türk cəmiyyətinin sosial arxitekturasının gücləndirilməsinə bərabərdir.

Nazir daha sonra Türkiyədə demoqrafik böhran təhlükəsinə diqqət çəkərək, mövcud doğum nisbətinin davam edəcəyi təqdirdə, növbəti beş il ərzində türk məktəblərində birinci sinif şagirdlərinin sayının 900 min nəfər azalacağını qeyd edib.

O, mövcud vəziyyətdən çıxmaq üçün uzunmüddətli addımların vacibliyini vurğulayıb.