Türkiyə rəsmisi: Hər bir üzv dövlətin media, informasiya və kommunikasiya sahəsində ortaq mövqeyə sahib olduğunu görürük

Bu toplantı yalnız bir iş platforması deyil, eyni zamanda, ortaq coğrafiyamızın kommunikasiya, media və informasiya sahəsində daha güclü bir birlik yaratması üçün strateji bir addımdır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.

O həmçinin bildirib ki, hər bir üzv dövlətin media, informasiya və kommunikasiya sahəsində ortaq mövqeyə sahib olduğunu görürük: “Türk dövlətlərinin təmsilçiləri olaraq yeni həll mexanizmləri inkişaf etdirməyimiz üçün bu toplantını mühüm bir fürsət kimi qiymətləndiririk. Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi Türk Dövlətləri Təşkilatı regional bir qurum olmaqdan çıxaraq qlobal bir aktor olma yolunda irəliləməkdə və nümunəvi əməkdaşlıq modelinə çevrilməkdədir. Gerçəkdən də, bu yanaşma ilə Türk Dövlətləri Təşkilatının qlobal beynəlxalq aktora çevrilməsi, regional səviyyəni aşaraq dünya miqyasında bir çox məsələdə söz sahibi olması olduqca önəmlidir. Bu münasibətlə, 15 dekabr tarixinin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edilməsindən duyduğumuz məmnuniyyəti də ifadə etmək istəyirəm. Bu, Türk dünyası üçün böyük bir qazanc olmaqla, türk dillərinin zənginliyini, dərin köklərə malik mədəni irsini və dünya sivilizasiyaları içindəki önəmli yerini bir daha göstərib”.