Ferhat Pirinççi: TDT-nin qəbul etdiyi qərarların icrasında Azərbaycanın rolu həlledici olacaq

Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda keçirdiyi informasiya üzrə yüksəkvəzifəli rəsmilərin toplantısını az əvvəl yekunlaşdırdıq və 2026-cı ildə Türk Dövlətləri Təşkilatının hansı sahələrdə hansı addımları atacağına dair qərarı hamımız birlikdə yekdilliklə imzaladıq. Bundan sonrakı mərhələdə isə tədbirə ev sahibliyi edən Azərbaycanın ortaya qoyduğu qərarların səmərəli şəkildə icrası dayanır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi noyabrın 28-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin demək olar ki, hamısında informasiya və kommunikasiya sahəsində oxşar fikirlər mövcuddur. Bütün üzv dövlətlərin nazirləri və yüksəksəviyyəli nümayəndələri demək olar ki, eyni məsələlərə diqqət çəkdilər. Bu məsələlərin başında media savadlılığı, dezinformasiyaya qarşı mübarizə, məlumatın düzgün və dəqiq şəkildə paylaşılması kimi mövzular dayanır.

“Biz, Türk Dövlətləri Təşkilatı və Türkiyə Respublikası Kommunikasiya Prezidentliyi olaraq, məlumatın və informasiyanın geniş ictimaiyyətə düzgün şəkildə çatdırılması, eləcə də təşkilatın təsirli regional aktordan beynəlxalq aktora çevrilməsi istiqamətində kommunikasiya sahəsində üzərimizə düşən bütün vəzifələri yerinə yetirəcəyimizi bəyan etdik. Bu prosesə hər cür töhfə verməyə hazırıq”, – deyə Ferhat Pirinççi əlavə edib.