Özbəkistan rəsmisi: Ortaq media layihələri Türk dünyasının informasiya birliyini gücləndirəcək

Biz artıq media sahəsində gələcək əməkdaşlıq istiqamətlərini formalaşdırırıq. Hazırladığımız tədbirlər planının həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir və bu prosesdə üzv dövlətlərin fəal iştirakı böyük əhəmiyyət daşıyır. Peşəkarlıq səviyyəsinin artırılması, təcrübə mübadiləsi, ortaq məzmunun yaradılması və informasiya mühitinin gücləndirilməsi qarşıdakı əsas prioritetlərimizdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında Özbəkistan Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov deyib.

O qeyd edib ki, hazırda bütün dünyada sürətli dəyişikliklər baş verir. Bu səbəbdən media sahəsində əməkdaşlığımızın əhəmiyyəti daha da artır. Xüsusilə gənc blogerlərin, rəqəmsal kontent istehsalçıların və media mütəxəssislərinin inkişafını dəstəkləyən təlimlər mühüm rol oynayır. Bu çərçivədə universitetlər və peşəkar media qurumları ilə əməkdaşlıq, eləcə də metodiki materialların hazırlanması istiqamətində işlər aparılır.

“Bundan əlavə, biz kütləvi və bədii filmlərin, sənədli layihələrin, ortaq media məhsullarının yaradılmasını xüsusilə diqqətdə saxlayırıq. Qarşılıqlı və müştərək əməkdaşlıq sahəsində çox böyük potensial görürük. Vahid layihələr, istedadların dəstəklənməsi və yaradıcı mübadilə imkanlarının genişləndirilməsi türk dövlətləri arasında mədəni və informasiya bağlarını daha da möhkəmləndirəcək”, - deyə Kobuljon Axmedov vurğulayıb.