Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqla görüşən universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və müasir tədris-təcrübə üsulları barədə məlumat verib. Ə.Məlikov Aqrar Universitetin Türkiyənin ali təhsil müəssisələri ilə sıx əlaqə qurduğunu da diqqətə çatdırıb.
Görüş çərçivəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi və perspektivdə duran məsələlər müzakirə olunub.
Daha sonra qonaq ADAU-nun laboratoriyaları və yenidən qurulan ADAU TV internet televiziyasının müasir studiyası ilə tanış olub.
Baytarlıq təbabəti fakültəsində olan Yurdagül Aydoğan tələbələrin tədris prosesini izləyib və ADAU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Görüş zamanı tələbələri maraqlandıran məsələlər müzakirə olunub, sualları cavablandırılıb.