Azərbaycan artıq, sadəcə, hidrokarbon ehtiyatlarına sahib postsovet dövləti kimi deyil, Avrasiyada güc balansını dəyişən “orta güc” və əvəzolunmaz “tənzimləyici aktor” kimi xarakterizə olunur. Rəsmi Bakının həyata keçirdiyi çoxvektorlu xarici siyasət qlobal qeyri-müəyyənlik şəraitində rasionallığı ilə seçilir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan əldə etdiyi Qarabağ Zəfəri nəticəsində hərbi potensialını və sahədəki qətiyyətini sübut etməklə yanaşı, yeni geosiyasi reallıqda yaranan enerji böhranında Avropa İttifaqı üçün həyati əhəmiyyət daşıyan strateji enerji tərəfdaşına çevrilib. Azərbaycan artıq Şərqlə Qərb arasında sıxışmış ölkə deyil, öz geosiyasi reallığını diktə edən bir mərkəzdir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Kıbrıs Raporu” Xəbər Agentliyinin Baş redaktoru, Şimali kiprli siyasi şərhçi Mert Özdeş deyib.
O qeyd edib ki, xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğuru və ardınca ev sahibliyi etdiyi COP29 kimi qlobal tədbirlər Azərbaycanın humanitar gücündən də hərbi gücü qədər effektiv istifadə etdiyini göstərir. ABŞ və Rusiya arasında balans qura bilən, eyni zamanda, Türk Dövlətləri Təşkilatının (TDT) cazibə mərkəzini formalaşdıran Azərbaycan Cənubi Qafqazın mübahisəsiz lider aktorudur.
“Azərbaycan-Türkiyə münasibətləri isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksələrək beynəlxalq hüquq çərçivəsində də rəsmiləşib. Tarixi və mədəni əlaqələrin yaratdığı “bir millət” anlayışı artıq “bir bazar, ortaq ordu, inteqrə olunmuş enerji sistemi” vizyonuna çevrilir. İki ölkə arasındakı münasibətlərin dünyada başqa heç bir iki dövlətlə müqayisə edilməyəcək qədər unikal olduğu məlumdur. Zəngəzur dəhlizinin reallaşması ilə logistika maneələri tamamilə aradan qaldıracaq, ölkələr daha da yaxınlaşacaq və qarşılıqlı əməkdaşlıq fiziki inteqrasiyaya çevriləcək. Çünki Zəngəzur dəhlizi Türkiyə üçün, sadəcə, yol deyil, Türk dünyasına açılan qapıdır. Bu dəhliz Türk dünyasını Aralıq dənizi ilə birləşdirən strateji keçid rolunu oynayır. O, Türkiyənin Naxçıvan vasitəsilə birbaşa Azərbaycana və buradan da Xəzərin o tayına qədər fasiləsiz əlaqəsini təmin edir. Bu isə TDT-nin iqtisadi inteqrasiyasını tamamlamaq üçün çatışmayan son pazl parçasıdır”, - deyə siyasi şərhçi vurğulayıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə xüsusilə müdafiə sənayesinin inteqrasiyası başda olmaqla, enerji, nəqliyyat, rabitə, kibertəhlükəsizlik və kəşfiyyat sahələrində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.
Qeyd edək ki, müsahibənin tam variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.