Rumıniya səfiri: Azərbaycanın coğrafi əhəmiyyətini əvəz etmək mümkün deyil - EKSKLÜZİV

Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub yük daşımaları dəhlizlərində ideal kəsişmə nöqtəsidir. Bu coğrafi mövqeyin əhəmiyyətini əvəz etmək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare söyləyib.

O bildirib ki, tezliklə bu nəqliyyat dəhlizləri ilə bağlı daha çox əməkdaşlıq fəaliyyətləri olacaq.

“Biz bu istiqamətdə daha çox çalışırıq. Tezliklə Konstansada Rumıniya, Gürcüstan, Azərbaycan və Türkmənistan arasında hökumətlərarası saziş imzalanacaq. Bu saziş “Qara dəniz–Xəzər Beynəlxalq Marşrutu” adlanır və tezliklə - ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində imzalanacaq”, - deyə V.Soare qeyd edib.

Səfir vurğulayıb ki, bu marşrut Mərkəzi Asiyadan, həmçinin digər Asiya ölkələrindən malların Azərbaycan vasitəsilə birbaşa çatdırılmasına imkan yaradır. “Azərbaycan bu yük daşımaları marşrutunda strateji və ideal mövqeyə malikdir. Çünki başqa alternativ yol yoxdur”, - deyə o əlavə edib.