Yalçın Rəfiyev: COP31 Azərbaycanın iqlim diplomatiyasında mühüm mərhələ olacaq

COP31-in qardaş Türkiyədə təşkili, ilk növbədə, ölkəmiz üçün qürurverici hadisədir və bu, regionun iqlim problemlərini Azərbaycanın ardınca yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı yaradır. Bundan əlavə, Türkiyənin iqlim sahəsində bir sıra qlobal təşəbbüsləri mövcuddur. Xüsusilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsü beynəlxalq səviyyədə müsbət qarşılanır və onun COP31-də daha geniş təbliği həm Türkiyə, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycanın iqlim diplomatiyasında daha fəal iştirak etməsi baxımından COP31 mühüm mərhələ olacaq və Türkiyə ilə birgə gündəliyin uyğunlaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan COP29-dan əhəmiyyətli təcrübə əldə edib. Türkiyənin də COP-a ilk dəfə ev sahibliyi edəcəyini nəzərə alaraq, Azərbaycan öz müsbət təcrübəsini qardaş ölkə ilə bölüşməyə tam hazırdır və bunu həm nazirlər, həm də komanda səviyyəsində artıq ifadə edib. Yaxın vaxtlarda COP təcrübəsini bölüşmək məqsədilə Türkiyənin Azərbaycan nümayəndə heyətini rəsmi şəkildə dəvət etməsi gözlənilir. Bu səfərdən sonra birgə əməkdaşlıq istiqamətləri daha dəqiq müəyyən olunacaq.

Müsahibənin tam variantı tezliklə AZƏRTAC-ın saytında yayımlanacaq.