COP30-da rəsmi sədrliyi Braziliya həyata keçirsə də, Azərbaycanın COP ictimaiyyəti daxilində illər ərzində qazandığı etibar, dövlətlərin ölkəmizə göstərdiyi güvən və Şimal ilə Cənub arasında körpü rolundakı müsbət təcrübəsi Braziliya tərəfinə müəyyən mühüm missiyaları Azərbaycana həvalə etməyə imkan verdi. Bu missiyalardan biri COP31-in ev sahibinin müəyyən edilməsi ilə bağlı idi. Namizədlər Avstraliya və Türkiyə idi və onların arasından seçim edilməsi olduqca həssas məsələ hesab olunurdu.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev söyləyib.
O deyib: “Digər mühüm məsələ Dubayda COP28-də qəbul edilmiş Qlobal İcmal Sənədi (Global Stocktake – GST) ilə bağlı idi. Onun icrası çərçivəsində keçiriləcək dialoq tədbirlərinin hazırlanması missiyası Azərbaycan və Norveçə həvalə edilmişdi. GST-nin üç əsas bəndi ilə bağlı vacib sənədin hazırlanması da bu prosesin tərkib hissəsi olub. Nəticədə hər iki istiqamət üzrə uğur əldə edildi: COP31-in ev sahibi qismində Türkiyə seçildi və bununla yanaşı, sözügedən tədbirə sədrlik də Türkiyə tərəfindən həyata keçiriləcək, Avstraliya isə danışıqlar prosesində Türkiyə ilə məsləhətləşmələr aparacaq. Eyni zamanda, GST ilə bağlı sənədin qəbul olunması da Azərbaycan və Norveçin səyləri nəticəsində mümkün olub”.