Tarix boyunca bizim coğrafiyamızı əks etdirən xəritələr çox zaman üçüncü tərəflər tərəfindən hazırlanıb. Bu gün isə artıq öz xəritələrimizi özümüzün tərtib etməmiz üçün zaman yetişib. Bu addım təkcə elmi-texniki nailiyyət deyil, həm də strateji müstəqilliyimizin mühüm göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merey Mukajan deyib.
"Ümid edirəm ki, bu toplantı məhsuldar müzakirələrlə müşayiət olunacaq və mühüm qərarların qəbuluna səbəb olacaq. Bu gün burada toplanmış aparıcı mütəxəssislər və ekspertlər xəritəçilik sahəsində əməkdaşlığımızın daha da güclənməsinə töhfə verəcəklər. Qarşıdakı il bu prosesin Qazaxıstanda davam etdirilməsi isə əlaqələrimizin ardıcıl inkişafına xidmət edəcək.
Möhtəşəm və tarixi Bakı şəhərində olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanın qazandığı bu böyük Zəfər bütün Türk dünyasının qürur və iftixar mənbəyidir.
Qeyd etmək istəyirəm ki, TDT-yə üzv ölkələrin "Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclasının Azərbaycan sədrliyi dövründə məhz Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır. Bildiyiniz kimi, oktyabr ayında Qəbələdə tarixi əhəmiyyətli bir sammit təşkil olundu. Həmin sammitdən sonra sədrliyin Azərbaycana keçməsi əməkdaşlığımızın yeni mərhələyə yüksəldiyini təsdiqlədi", - deyə Merey Mukajan bildirib.