Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi edir.
Trend xəbər verir ki, dekabrın 6-da Dialoqun rəsmi açılış mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qısa videoçarxın nümayişi ilə başlayıb.
Rəsmi açılışda gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir çıxış ediblər.
Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib.
Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.
Məlumat üçün bildirək ki, Dialoq D-8 üzv dövlətlərinin gənclər siyasətinə məsul qurumlarının rəhbərlərini, aparıcı gənclər təşkilatlarının nümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirəcək.
Dialoq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın Dayanıqlı və İqlimədavamlı Şəhərləri mövzusuna həsr olunacaq.
Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir.
Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüziv şəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi nəzərdə tutulub.
Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 30-dan çox xarici nümayəndə, 10-dək peşəkar çıxışçı olmaqla ümumilikdə 100-dən çox qonaq iştirak edəcək.