Növbəti ilin müdafiə xərcləri büdcə xərclərinin 21 %-ni təşkil edəcək

Hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 %-ni (8.7 mlrd.manat) təşkil edir.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

 

Baş nazir bildirib ki, bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir:

“Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Və Prezident İlham Əliyev tərəfindən Hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”.