Laosun xarici işlər naziri: Azərbaycanla dostluğun kökləri ötən əsrə söykənir

Azərbaycanın Laosda akkreditə olunmuş səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Laosun paytaxtı Vyentyan şəhərində rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Laosun Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə bu ölkədə səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Laosun xarici işlər naziri Sonqsavan Fomvihon, texnologiya və rabitə naziri Vonqdara Bovienqkham, ictimai işlər və nəqliyyat naziri Leklay Sivilay, Laos Mərkəzi Bankının sədri xanım Bounkham Voraçit, Laosun dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri, Bakıda təhsil almış laoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının rəhbərliyi və üzvləri, səfirlər, iş adamları, ictimaiyyət nümayəndələri, Laosdakı soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Laosun Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrin 30 yaşının olmasına baxmayaraq, xalqlarımız arasında dostluğun daha böyük tarixi olduğunu bildirib, hələ sovet dövründə Bakıda neft mühəndisliyi, tibb, iqtisadiyyat və digər sahələr üzrə təhsil alan təxminən 2 min laoslunun iki ölkə arasında dostluq körpüsü qurduqlarını deyib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1986-cı ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Laosa rəsmi səfərini xatırladaraq, həmin səfərin iki xalq arasında dostluğun möhkəmlənməsindəki böyük rolundan danışıb.

E.Məmmədov vurğulayıb ki, ötən 30 ildə Azərbaycan və Laos həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığı davamlı olaraq genişləndiriblər. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birini dəstəkləyir.

Ötən il Rusiyada keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulitin görüşünü yada salan E.Məmmədov dövlət başçılarının iki ölkə münasibətlərinin müxtəlif sahələrdə inkişafını müzakirə etdiklərini deyib.

“Azərbaycan Laos ilə münasibətləri yüksək qiymətləndirir. Biz Laosun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə prinsipial dəstəyini yüksək qiymətləndiririk”, - deyən nazir müavini əlavə edib ki, Azərbaycan regional və qlobal çərçivələrdə Laosun inkişaf prioritetlərinə davamlı dəstək göstərir.

Ölkələrimiz arasında dostluğun köklərinin ötən əsrə söykəndiyini vurğulayan Laosun xarici işlər naziri Sonqsavan Fomvihon qeyd edib ki, hələ sovet dövründə Azərbaycanda təhsil alan laoslular ölkələrinə mütəxəssis kimi qayıdaraq, müxtəlif sahələrdə Laosun inkişafına töhfələr veriblər. Onlar arasında rəhbər vəzifələrdə çalışanlar da olub.

Nazir iki ölkə arasında yüksəksəviyyəli rəsmi səfərlər zamanı əlaqələmizin genişləndirilməsinə dair müzakirələrin aparıldığını, Laosda keçirilmiş ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yol açacağını deyib.

Tədbirdə Azərbaycana dair videoçarxlar nümayiş olunub.