Newsru.co.il portalının dekabrın 8-9-da keçirdiyi yeni sosioloji sorğunun nəticələri İsraildəki rusdilli icmanın beynəlxalq tərəfdaşlara münasibətini aydın şəkildə ortaya qoyub. Sorğuda 30 sualdan ibarət anketi tam cavablandırmış 3045 nəfər iştirak edib və onların 98 faizi İsraildə yaşayan respondentlərdir ki, bu da nəticələrin real siyasi göstəricisidir.
AZƏRTAC xəbər verir ki, araşdırma rusdilli israillilərin dövlət təhlükəsizliyini, güclü idarəçiliyi və qətiyyətli xarici siyasəti öz siyasi identikliyinin əsas elementi kimi gördüyünü təsdiqləyir.
Sorğunun ən diqqətçəkən nəticəsi Azərbaycanın İsrailin dost ölkələri sırasında ilk yeri tutmasıdır. Respondentlərin 55 faizi Azərbaycanı İsrailin ən yaxın dostu kimi qiymətləndirib. Siyahıda daha sonra ABŞ (52 faiz), Almaniya (46 faiz), Argentina (46 faiz) və Çexiya (44 faiz) qərarlaşıb.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanın birinci yerdə göstərilməsi iki ölkə arasında formalaşmış yüksək etimadın, strateji tərəfdaşlığın və xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlığın bariz göstəricisidir. Sorğunun nəticələri Azərbaycan-İsrail münasibətlərinin İsrail cəmiyyətinin mühüm seqmenti tərəfindən yüksək dəyərləndirildiyini təsdiqləyir.