İranda Ulu Öndər Heydər Əliyevin anım mərasimi olub

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İrandakı Mədəniyyət İnstitutunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş “Mədəni və mənəvi əlaqələrin möhkəmləndirilməsində liderlərin rolu. Heydər Əliyev və İƏT ölkələri” mövzusunda anım tədbiri keçirilib, eyni adlı fotosərginin açılışı baş tutub.

Bu barədə AZƏRTAC-a bildirilib ki, Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən məlumat verilib.

Səfirliyin təşkil etdiyit tədbirdə İranın Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin məsul nümayəndələri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri, diplomatları, mətbuat və ictimaiyyətin nümayəndələri, eləcə də burada yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Məhəmməd Həsən müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin tarixi rolunu və müdrik siyasətini xüsusi vurğulayıb.

Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç Türkiyə ilə Azərbaycan arasındakı yaxın qardaşlıq münasibətlərinə toxunaraq, Ümummilli Lider Heydər Əliyevin anım gününün böyük hörmətlə yad edildiyini diqqətə çatdırıb. Səfir deyib ki, ölkələrin rəhbərləri xalqlarının taleyini formalaşdıran mühüm simalardır. Heydər Əliyevin də məhz belə təsirli, müdrik şəxsiyyətlərdəndir. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra tarix səhnəsində yer aldığı ilk illərdən Heydər Əliyevin ölkəsinin layiqli mövqe qazanması üçün böyük xidmətlər göstərdiyini xatırladıb.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının dövlətləri və xalqları arasında çoxəsrlik tarixi proseslər nəticəsində yaranmış dostluq və qardaşlıq münasibətlərinin, mədəni və mənəvi bağlarının möhkəmləndirilməsi yolunda mühüm addımlar atdığını bildirib. Bu xüsusda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin İƏT dövlətləri və xalqları ilə xüsusi münasibətlərinə nəzər salan səfir Heydər Əliyevin ortaq mədəni və mənəvi dəyərlərə dərindən bələd olduğunu, etnik, dil, din, tarixi və mədəni bağların inkişafındakı töhfələrinin danılmaz olduğunu nəzərə çatdırıb.

Sonra İƏT-in Mədəniyyət İnstitutunda təşkil olunmuş “Mədəni və Mənəvi Əlaqələrin Möhkəmləndirilməsində Liderlərin Rolu. Heydər Əliyev və İƏT Ölkələri” adlı fotosərginin açılışı olub. Fotosərgidə Ulu Öndər Heydər Əliyevin İƏT-in Zirvə görüşlərində iştirakını, bu təşkilata üzv ölkələrə səfərlərini və görüşlərini, mədəni və mənəvi bağlara verdiyi önəmi özündə təzahür etdirən fotolar sərgilənir. Fotosərginin dörd gün nümayiş edilməsi nəzərdə tutulub.

Tədbirdə Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, müdrik kəlamlarını əks etdirən qısametrajlı film nümayiş etdirilib.