Janna Skot: ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir

Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü dövləti olmaqla ABŞ, xüsusilə də Trump administrasiyası üçün mühüm strateji tərəfdaşdır. ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya sahələrində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir. Dövlət katibi Marko Rubionun Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə yayımladığı rəsmi bəyanatda iki ölkə arasında 33 illik tərəfdaşlıq vurğulanıb, təhlükəsizlik, energetika və iqtisadi inkişaf sahələrində intensiv əməkdaşlığın strateji əhəmiyyəti qeyd edilib.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru (CEO), ABŞ Daxili Təhlükəsizlik Departamentində keçmiş direktor müavini, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı direktoru Janna Skot deyib.

Vaşinqton razılaşmalarına da münasibət bildirən baş icraçı direktor onları ABŞ-ın regiondakı diplomatik səylərinin mühüm komponenti kimi qiymətləndirib. Bunun tərəflər üçün yeni əməkdaşlıq çərçivəsini formalaşdırdığını vurğulayan J.Skot qeyd edib: “Sazişlər təhlükəsizlik, suverenliyin qarşılıqlı tanınması və iqtisadi əməkdaşlıq sahələrində mühüm prinsipləri təsbit etsə də, təkcə hüquqi sənədlərin mövcudluğu dayanıqlı sülhü təmin etmir. Sülhün davamlılığı insanların psixoloji hazırlığına, qarşılıqlı hörmət mədəniyyətinin formalaşmasına, cəmiyyətlərarası etimadın bərpasına əsaslanır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın xalqların sosial, psixoloji rifahını nəzərə alan addımları müsbət qiymətləndirilir və gələcək proseslər üçün güclü əsas kimi çıxış edir”.