Amerikalı ekspert: Konqresdə Azərbaycanla bağlı qanunun qəbulu münasibətlərin normallaşdırılmasında daha bir addım olacaq

ABŞ Nümayəndələr Palatasına Azərbaycana qarşı tətbiq edilmiş silah embarqosunu aradan qaldıracaq qanun layihəsinin təqdim edilməsi çox yaxşı xəbərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib.

O bildirib ki, təbii olaraq, qanunun qəbulu bir müddət vaxt aparacaq və bunun üçün layihə həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqləndikdən sonra Prezident Tramp tərəfindən imzalanmalıdır. Lakin bunun əhəmiyyəti ondadır ki, onlar Qafqazda vəziyyətin tamamilə normala qayıtdığını qəbul edirlər.

“Təbii ki, Azərbaycan xalqı da bilir ki, hələ də həll olunmamış bəzi məsələlər var. Lakin bütün məsələləri, problemləri həll etmək üçün Azərbaycan ilə Ermənistan arasında fəal danışıqlar aparılır. Aydındır ki, ərazi məsələləri artıq problem deyil və bir daha qaldırılmayacaq. Bu baxımdan ABŞ Konqresinin Azərbaycana qarşı heç bir səbəb olmadan ayrı-seçkilik yaradan hər hansı qanunvericilik aktını aradan qaldırmaq üçün tədbir görməsi yaxşı haldır. Beləliklə, sözügedən qanun qəbul ediləcəyi təqdirdə bu, ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında münasibətlərin normallaşdırılmasında daha bir addım olacaq”, - deyə ekspert əlavə edib.