Ümid və həyəcan… Minlərlə insanın taleyini dəyişəcək təşəbbüs… Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması ilə bağlı Milli Məclisə təqdim etdiyi sənəd on minlərlə insanın taleyinə birbaşa təsir edəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev söyləyib. O bildirib ki, bəzən diqqətsizlik, bəzən ani əsəbə məğlub olaraq, düşünmədən verilən qərarların çox ağır nəticələri olur. Bütün həyat dəyişir. Dəmir barmaqlıqlar arxasında isə düşünüb səhvlərdən nəticə çıxarmaq üçün kifayət qədər çox vaxt olur. Halbuki onlar bu illəri ailələri və sevdikləri ilə bilikdə keçirə bilərdilər. Belə bir vaxtda dövlətimizin başçısı verdiyi qərarla onlara həyatlarını dəyişə biləcəyi ümidini verdi. Bu, əslində, həmin insanlara verilən ikinci həyatdır. Bu, cəmiyyətin, ailələrin birləşməsini təmin edəcək hüquqi prosesdir. Bu, dövlətin öz vətəndaşına humanist yanaşmasıdır.
Siyasi şərhçi deyib: “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunan bu amnistiya aktında diqqətimi xüsusilə bir məqam çəkdi. Layihəyə əsasən, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Dövlət həm də hərbi əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına və Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərə də öz humanist üzünü göstərir. Bu, dövlətin səhvləri cəzalandırmaqla yanaşı, bağışlayan olduğunu və xidmətləri unutmadığını göstərir. Biz bu sənədlə suverenlik və ərazi bütövlüyünün bərpasında xidməti olanların unudulmadığını və hər zaman diqqət mərkəzində olduğunu gördük. Müəyyən vaxtlarda səhvləri olsa belə...
Azərbaycan Prezidenti habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların da amnistiya aktından yararlanmasına şərait yaradır. Beləliklə, yaxın günlərdə qəbul ediləcək amnistiya aktı dövlətin humanist dəyərlərə əsaslandığını göstərir. Layihədən yararlanan şəxslərin üzərinə isə ikiqat məsuliyyət düşür - ailəsi və dövləti ilə birləşib cəmiyyətə inteqrasiya olunmaq.