Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa çox yaxındır - Ərdoğan

Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək olmadıqları qədər yaxındırlar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Beştəpədə Türkiyə səfirlərinin 16-cı qurultayında etdiyi çıxışda bildirib.

Ərdoğan illərlə sülhə həsrət qalan Cənubi Qafqazın tarixi dönəmdən keçdiyini bildirib.

“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa indiyədək olmadıqları qədər yaxındırlar. Azərbaycanla dialoq şəraitində biz də Ermənistanla normallaşma prosesini irəlilədirik. İnşallah, gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq”,- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti eyni zamanda son günlər Qara dənizdə ticarət gəmilərinə edilən hücumları pisləyib.

“Son günlərdə həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə gəmiçilik təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ticarət və mülki gəmilərin hədəf alınması heç kəsə fayda gətirməz. Bu məsələ ilə bağlı hər iki tərəfə xəbərdarlıqlarımızı açıq və aydın şəkildə çatdırırıq”,- deyə Ərdoğan vurğulayıb.