COP29-a ev sahibliyi etmək Azərbaycana həvalə olunduqdan sonra biz hazırlıqlara başladıq və bu prosesdə bir sıra çağırışlarla üzləşdik. Ancaq qısa zaman ərzində biz demək olar ki, yeni bir iqlim diplomatiyası komandası formalaşdırdıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışının təqdimat mərasimində deyib.
O qeyd edib ki, qlobal səviyyədə gözləntilərin son dərəcə yüksək olduğu, çoxşaxəli və mürəkkəb beynəlxalq tədbirə bir ildən də az müddətdə hazırlaşmaq zərurəti həm planlaşdırma, həm də paralel proseslərin səmərəli idarə olunması baxımından ciddi çağırış yaradıb. Nazir müavini bütün bu çətinliklərə baxmayaraq COP29-un yüksəksəviyyəli təşkili və qəbul edilən qərarların Azərbaycan üçün beynəlxalq etimadın möhkəmləndirilməsi baxımından mühüm irs olduğuna da diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan ölkələr arasında körpülər quran, dialoqa açıq və konstruktiv mövqe sərgiləyən sədr kimi çıxış edib. Bu yanaşma ölkəmizin qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasını daha da gücləndirib və diplomatik nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.