“Diplomatiya Aləmi” jurnalı müntəzəm olaraq xarici və dünya siyasətinin aktual mövzularına həsr olunur. Jurnalın budəfəki xüsusi buraxılışı isə COP29-dan miras qalan irsə diqqət yetirir. Buraxılışda Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və xarici işlər naziri Ceyhun Bayramovun mövqeləri və fəaliyyətləri öz əksini tapıb.
Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev məlumat verib.
O qeyd edib ki, jurnalın xüsusi buraxılışının məhz bu mərhələdə dərc olunmasının həm xüsusi, həm də simvolik əhəmiyyəti var. Belə ki, Azərbaycan artıq COP-a sədrliyi Braziliyaya təhvil verib və indi COP tarixinə verdiyimiz töhfələri və qoyduğumuz irsi bir daha xatırlamaq və dəyərləndirmək üçün münasib zamandır.
“Eyni zamanda, COP31-ə hazırlıq prosesinə qardaş Türkiyə başlayıb. Azərbaycan COP prosesi çərçivəsində də qardaş Türkiyəyə öz dəstəyini hərtərəfli şəkildə göstərməyə hazırdır. Bu xüsusi buraxılış həm də COP31 ərəfəsində dövlətlərə öz üzərilərinə götürdükləri öhdəlikləri xatırlatmaq baxımından mühüm bir fürsət yaradır”, - deyə nazir müavini əlavə edib.