COP31 qardaş Türkiyədə keçiriləcək və Azərbaycan komandası bu prosesdə də fəal iştirak edəcək. Təcrübə və təəssüratlarımızı bölüşmək məqsədilə Türkiyə komandası ilə görüşlərin keçirilməsi planlaşdırılır. Bildiyiniz kimi, ondan sonrakı COP isə Efiopiyada baş tutacaq və biz Efiopiya komandası ilə də bu işə başlamışıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev deyib.
O qeyd edib ki, “Diplomatiya aləmi” jurnalının Azərbaycanın COP29 sədrliyinə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimi sessiyaya hazırlıq zamanındakı maraqlı günləri xatırladıb. “COP29 komandasının formalaşdırılması, Azərbaycanın bu prosesdə böyük vizyon və prioritetlərlə çıxış etməsi, ölkəmizin başçısının liderliyi, bu tədbirin keçirilməsi Azərbaycanın uğurudur. Jurnalın buraxılışı və ictimaiyyətə təqdim olunması isə bizim qazandığımız uğurların davam etdirilməsinə, ictimaiyyətin məlumatlandırılmasına dəstək olacaq. Çünki Azərbaycanda “yaşıl iqtisadiyyat”ın qurulması prioritet kimi qəbul edilib və bu prosesin davamlı olması çox önəmlidir”,-deyə M.Babayev vurğulayıb.