Dövlətimiz növbəti dəfə isbatladı ki, şərtləri diktə edən tərəf Azərbaycandır - Azər Qarayev

Bakı. Trend:

Bu gün yaranmış vəziyyətin məsuliyyəti Ermənistanın və Qarabağda qalan qanunsuz silahlı birləşmələrin üzərinə düşür. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan 10 noyabr bəyanatının müddəalarını kobud şəkildə pozmağa davam elədi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Azərbaycana müharibə bitən kimi Ermənistana sülh təklif etdi, əvəzində isə Ermənistan təxribatlarını davam etdirdi.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, bu gün Azərbaycanı antiterror əməliyyatları keçirməyə vadar edən səbəbləri görməzdən gəlmək olmaz:

"Azərbaycan mühairbə bitən kimi azad olunmuş ərazilərinin bərpasına başladı. Keçmiş məcburi köçkünlərin öz doğma evlərinə ləyaqətli qayıdışını təmin etmək üçün bütün addımları atır, lakin Ermənistan və onun ordusunun Qarabağda qalan birləşmələri bütün vasitələrə əl ataraq vətəndaşlarımız üçün təhlükə törətməyə davam etdilər. Digər tərəfdən isə qondarma rejim saxta "prezident" seçkiləri keçirməklə Azərbaycanın səbr kasasını da daşırdı.

İkinci Qarabağ müharibəsindən sonra onlarla vətəndaşımız mina qurbanı olub, sonuncu dəfə 6 vətəndaşımızın erməni diversiya qruplarının basdırdığı minaya düşərək həlak olması isə Azərbaycan vətəndaşlarına qarşı terror aktıdır. Bütün beynəlxalq qaydalara əsasən, Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirə bilərdi və haqlı olaraq bu əməliyyata başladıq. Təssüf ki, qarşı tərəf Azərbaycan üçün başqa seçim imkanı buraxmadı. Baxmayaraq ki Azərbaycan dəfələrlə müraciətlərində bildirmişdi ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr tərksilah edilməlidir.

Lakin bu baş tutmadı, əvəzində isə bir sıra xarici dövlətlərin dəstəyindən azğınlaşan bu qruplar Azərbaycana qarşı növbəti təxribata əl atdılar və 6 vətəndaşımız şəhid oldu. Bütün bu sadalananlar Azərbaycanın antiterror əməliyyatlarına start verməsini zəruri etdi", - deyə A.Qarayev qeyd edib.

A.Qarayev əlavə edib ki, Azərbaycan Ordusu antiterror əməliyyatını yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirdi. Azərbaycan Ordusu növbəti dəfə dünya hərb dərsliklərinə salına bilinəcək antiterror əməliyyatına imza atdı.

"Peşəkar Azərbaycan Ordusu tərəfindən legitim hərbi obyektlər hədəf alındı. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də açıq görünürdü ki, Azərbaycan heç bir mülki şəxs, mülki maşınlar və obyektlərə atəş açmadı. Hətta baxmayaraq ki, qarşı tərəf bundan istifadə edərək, öz hərbi maşınlarını, atəş vasitələrini mülki insanların yanında cəmləşdirirdi. Onlar özləri də bilirdilər ki, Azərbaycan heç bir halda mülki şəxslərə atəş açmayacaq və bundan sui-istifadə etməyə çalışırdılar", - deyə A.Qarayev bildirib.

Onun sözlərinə görə, bir gün davam edən antiterror əməliyyatı qələbə ilə nəticələndi.

"Artıq Ermənistan ordusunun silahlı birləşmələri təslim oldular, ağ bayraq qaldırdılar. Azərbaycanın müəyyənləşdirdiyi şərtlər əsasında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. Bu Azərbaycan Ordusunun növbəti tarixi qələbəsidir. Azərbaycan istədiyini etdi, şərtlərini qəbul etdi. Dövlətimiz növbəti dəfə isbatladı ki, şərtləri diktə edən tərəf Azərbaycandır", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev Ermənistan ordusunun silahlı birləşmələrinin müharibə cinayətlərinə də toxunub:

"İkinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də ermənilər mülki sakinləri, yaşayış obyektlərini atəşə tutdular.

"Şuşanın atəşə tutulması onların əsl xislətindən xəbər verirdi. Təəssüflər olsun ki, bu atəş nəticəsində bir mülki vətəndaşımız həlak olub. Azərbaycanın mədəniyyət paytaxtının atəşə tutulması onların necə vəhşi, barbar olmasının göstəricisidir. Azərbaycanlılara, bizim tarixi şəhər və abidələrimizə nifrət, gördüyümüz işlərə nifrət onların əsl xislətinin mahiyyətidir", - deyə A.Qarayev qeyd edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.