Narkotik vasitələrə qarşı mübarizəyə əhalinin bütün təbəqələrinin cəlb olunması, dövlət, özəl və ictimai institutların iştirakı ilə kompleks hüquqi, sosial və tibbi tədbirlərin görülməsi vacib tələbdir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini, gömrük xidməti general mayoru Güloğlan Muradlı deyib.
O qeyd edib ki, 2016-cı ildən bu günədək yalnız gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən 15 tona yaxın narkotik vasitə çıxarılıb. Bunun da 70 faizini daha təhlükəli narkotiklər, yəni heroin və metamfetamin təşkil edir. “Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda 40 min 500 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Lakin bu, aysberqin yalnız görünən tərəfidir. Ekspertlərin fikrincə, əslində onların sayı dəfələrlə çoxdur. Bugünkü dəyirmi masa isə ölkəmizin bu proqram çərçivəsində qarşısına qoyduğu vəzifələrin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, yeni çağırışlara cavab verən həll yollarının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq. Əminəm ki, bu tədbir narkotiklərlə mübarizə sahəsində fəaliyyətimizə ciddi töhfə verəcək”, - deyə G.Muradlı bildirib.