Türkiyəli general: TDT-yə üzv dövlətlərin birgə hərbi təlimləri təhdidlərə "yalnız deyilik" mesajı verəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin birgə hərbi təlimlər keçirməsi təklifi baş tutarsa, təhdidlərə "yalnız deyilik" mesajı verəcək.

Bunu "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təklif əsasında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlər keçirməsi yalnız taktiki səviyyədə deyil, strateji, siyasi və geosiyasi müstəvilərdə də çoxşaxəli təsir yarada bilər:

"Təşkilat daxilində birgə təlimlər, komanda-nəzarət uyğunluğunu artıracaq, quru, hava, dəniz, xüsusi təyinatlı qüvvələrin inteqrasiya edilmiş fəaliyyətini inkişaf etdirəcək. Bu, xüsusilə regional böhran və ya kollektiv cavab tələb edən situasiyalarda reaksiya müddətini kəskin azaldır".

Onun fikrincə, birgə təlimlər zamanı Azərbaycan və Türkiyə ordularının Qarabağ müharibəsi, Suriya və İraq əməliyyatları, hibrid müharibə, PUA istifadəsi üzrə təcrübələri digər üzvlər üçün praktiki məktəb rolunu oynayacaq.

"Həmçinin birgə təlimlər potensial təhdidlərə "yalnız deyilik" mesajı verəcək. TDT məkanında təhlükəsizlik balansını lehinə dəyişəcək, xarici aktorlar üçün hərbi riskin qiymətini yüksəldəcək. Bu təlimlər NATO modeli olmadan belə regional təhlükəsizlik çətiri yaradacaq", - o deyib.