Cəbrayıl, 3 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq aprelin 1-dən 2-nə keçən gecə əks-hücum əməliyyatına başladıq. Düşmənin mifə çevirdiyi “Ohanyan xətti” bir neçə saata darmadağın edildi. Düşmənin şəxsi heyətini məhv edib, Lələtəpə yüksəkliyini azad etdik.
Bu sözləri DHA Press-in bölgə müxbirinə 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il 44 günlük müharibəsinin iştirakçısı, qazi Asim Əliyev deyib.
A.Əliyev bildirib ki, Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlının təhlükəsizliyi təmin edildi, kəndə qayıdış mümkün oldu. Eyni zamanda, Füzuli rayonunun yaşayış məntəqələri düşmənin atəşindən xilas oldu. “Aprel döyüşləri Zəfər yolunda ilk addımlarımız idi. Lələtəpə yüksəkliyi ordumuzun hakim yüksəkliklərindən birinə çevrildi və 44 günlük müharibədəki Zəfər yürüşündə böyük rol oynadı”, - deyə o əlavə edib.