Azərbaycan ilə İsrail arasında texnoloji əməkdaşlığın inkişafı ikitərəfli gündəliyin əsas istiqamətlərindən biridir.
Atlantik Şurasının aparıcı eksperti Ariel Koen bu açıqlamanı AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında verib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyat robototexnika, süni intellekt və digər yüksək texnologiyalı sənaye sahələrinin aparıcı rol oynadığı yeni texnoloji mərhələyə qədəm qoyur. Ekspert vurğulayıb ki, İsrail bu sahələrdə aparıcı mövqe tutur və qlobal texnologiya mərkəzlərinin ən yaxşı iki-üç liderindən biridir.
BƏƏ-Azərbaycan-İsrail üçtərəfli formatının yaradılmasının və gücləndirilməsinin vacibliyini qeyd edən Koen əlavə edib ki, hər üç ölkə arasında artıq məhsuldar münasibətlər qurulub və bu əlaqələr üçbucağa həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyət verir.
Bundan əlavə, ekspert Azərbaycan-İsrail-ABŞ formatının əhəmiyyətini vurğulayıb. O, xatırladıb ki, ABŞ-ın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvini özündə ehtiva edən gündəliyi var. Onun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması investisiyaların artmasına, ticarətin inkişafına və müasir silahların tədarükü də daxil olmaqla Azərbaycana ixracın genişləndirilməsinə kömək edə bilər.
Koen İsrail xarici işlər naziri Gideon Saarın Bakıya səfərinin uğurlu olacağına əminliyini bildirib.