Akkan Suver: Xocalı faciəsi insanlığın üz qarasıdır və gənc nəsillərə unutdurulmamalıdır

Xocalı soyqırımının 34- cü ilindəyik. Xocalı soyqırımı insanlıq aləminin üz qarası olan ağır bir cinayətdir və bu hadisə Ermənistanın həyata keçirdiyi zülm siyasətinin son nümunələrindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver deyib.

Onun sözlərinə görə, Xocalı faciəsi sadəcə keçmişin acı xatirəsi deyil, gələcək nəsillər üçün ciddi bir tarixi dərsdir.

“Xocalını anarkən xüsusilə gənclərə müraciət etmək istəyirəm. İnsanlar dünənini bilməsələr, sabahlarını qura və planlaşdıra bilməzlər. Ona görə də Xocalı qətliamı, Xocalı soyqırımı gənc nəslə dərindən anlatılmalı, onların yaddaşına həkk olunmalıdır”, – deyə professor vurğulayıb.

Akkan Suver qeyd edib ki, bu gün Xocalı şəhidlərini dərin ehtiramla yad edərkən eyni zamanda qürur hissi keçirir: “Artıq ürəyim rahatdır, çünki bu gün Xocalı və bütövlükdə Qarabağ torpaqları yenidən Vətən torpağıdır. Başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla bu torpaqları yenidən Vətən edən qəhrəman əsgər və zabitlərin hamısını hörmət və ehtiramla salamlayıram”.

Professor Akkan Suver belə faciələrin bir daha təkrarlanmaması üçün bütün insanlığı səylərini birləşdirməyə çağırıb: “Bir daha Xocalıdakı kimi faciələrin yaşanmaması üçün çox çalışmalı, çox səy göstərməliyik”.