Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq strateji xarakter daşıyır və Avropanın enerji təhlükəsizliyini gücləndirir.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobillo bu gün Bakıda Cənub Qaz Dəhlizi və “Yaşıl” enerji üzrə Məşvərət Şuralarının iclasında bildirib.
Onun sözlərinə görə, son illərdə dünyada siyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişib və Avropa İttifaqı şaxələndirmə və dayanıqlığın artırılmasına, xüsusilə qlobal bazara çıxışın təmin olunmasına ciddi investisiyalar yatırıb.
“Bu kontekstdə Azərbaycan kimi etibarlı təchizatçılarla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığın qorunmasına böyük önəm veririk. Son dövrlərdə Avropa İttifaqında yeni normativ-hüquqi baza üzərində işləyirik. Əsas istiqamətlərdən biri enerji təhlükəsizliyi arxitekturasının yenidən nəzərdən keçirilməsidir ki, bu da saxlama tədbirlərinin ötəsində olan, gələcək islahatların qiymətləndirilməsinə, eləcə də geosiyasi qeyri-sabitlik şəraitində qaz təchizatında mümkün fasilələrin qarşısının alınmasına xidmət edir”, – o bildirib.
Direktor qeyd edib ki, Avropa İttifaqının qaz siyasəti asılılıqdan dayanıqlılığa doğru transformasiya olunur.
“Rusiyadan idxala tətbiq edilən hüquqi məhdudiyyətlər, eləcə də təchizatçıların şaxələndirilməsi, saxlama mexanizmlərinin gücləndirilməsi və bazar çevikliyinin artırılması daha suveren enerji siyasətinin formalaşmasına töhfə verir. Avropa Komissiyası öz yanaşmasını elə qurur ki, iqlim məqsədlərinə riayət etməklə və qiymət baxımından rəqabət qabiliyyətini qorumaqla yanaşı, təchizat təhlükəsizliyi də təmin edilsin.
Stabil təchizatın təmin edilməsi, rəqabətli şərtlər, tənzimləmənin uyğunlaşdırılması və emissiyaların mərhələli şəkildə azaldılması istiqamətində birgə fəaliyyət göstərməklə biz Avropanın enerji təhlükəsizliyini möhkəmləndirə, eyni zamanda Azərbaycanın əsas, etibarlı və gələcəyə yönəlmiş tərəfdaş kimi rolunu dəstəkləyə bilərik. Gəlin Avropa İttifaqı ilə Azərbaycan arasında etimad, sabitlik və ümumi rifah ruhunda enerji əməkdaşlığımızı daha da dərinləşdirək”, – deyə K.Lobillo yekunlaşdırıb.