Enerji sahəsində Macarıstan ilə Azərbaycan arasında əməkdaşlıq strateji baxımdan vacib olaraq qalır - XİN (ÖZƏL)

Enerji sahəsində Macarıstan ilə Azərbaycan arasında əməkdaşlıq strateji baxımdan vacib olaraq qalır.

Bunu Trend-ə özəl müsahibəsində Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi məsələləri üzrə dövlət katibi Peter Staray bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və “Yaşıl” enerji üzrə Məşvərət Şurasının 4-cü nazirlər iclası çərçivəsində bildirib.

“Bizim üçün Azərbaycan və region ölkələri ilə əməkdaşlıq, əlbəttə ki, çox önəmlidir. Macarıstan üçün enerji təhlükəsizliyi suverenliyimizin bir hissəsidir. Biz dənizə çıxışı olmayan ölkəyik, buna görə də müxtəlif ölkələr və regionlarla mümkün qədər çox əməkdaşlıq xətti qurmalıyıq. Azərbaycan isə, şübhəsiz ki, bizim çox məhsuldar əməkdaşlığımızın olduğu ölkələrdən biridir”, – deyə Staray qeyd edib.

O vurğulayıb ki, hazırkı görüş mövcud vəziyyətin təhlilinə həsr olunub və çoxsaylı çağırışlar nəzərə alınıb: “Ukraynada müharibə davam edir, İranda müharibə gedir və bu hadisələr neft və qaz qiymətlərinə ciddi təsir göstərəcək. Buna görə də regionlarımız və ölkələrimiz arasında əməkdaşlıq uzunmüddətli vəzifədir”.

Dövlət katibi əlavə edib ki, Macarıstan uzun illərdir ki Azərbaycanla daha sıx əməkdaşlığın tərəfdarı kimi çıxış edir: “Azərbaycan resurslara malikdir və Avropa ilə birgə işləməkdə maraqlıdır. Bu istiqamətdə artıq böyük yol qət etmişik. Milli şirkətlərimiz Azərbaycan şirkətləri ilə getdikcə daha fəal əməkdaşlıq edir, onların müxtəlif birgə iş mexanizmləri mövcuddur”.

Peter Staray bərpa olunan enerji sahəsinə xüsusi diqqət ayırıb: “Xəzər regionu ilə Avropa arasında bərpa olunan enerji sektorunda əməkdaşlıq stratejidir. Söhbət bu regiondan – xüsusilə Azərbaycan və Mərkəzi Asiyadan – Avropaya yönələn bərpa olunan enerjidən gedir. Əgər biz onu ənənəvi enerji sistemlərinə uğurla inteqrasiya etmək istəyiriksə, buna hazır olmalıyıq, çünki gələcək məhz budur”.