Macarıstanın Türk Dövlətləri Təşkilatında (TDT) fəal və mənalı iştirakı Avrasiya əməkdaşlığına əlavə təkan verir və Azərbaycanın Türk dünyasında əsas qarşılıqlı əlaqə mərkəzi kimi mövqeyini gücləndirir.
Bu barədə beynəlxalq münasibətlər üzrə macarıstanlı ekspert Laslo Vasa AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” verilişində bildirib.
Onun sözlərinə görə, TDT-də müşahidəçi statusu Macarıstan üçün strateji əhəmiyyət kəsb edir və rəsmi diplomatiyadan daha genişdir. Ekspert qeyd edib ki, Budapeşt təşkilatın bütün əsas təşəbbüslərində iştirak edir, investisiya, təhsil və institusional layihələrə töhfə verir.
O, Azərbaycanın bu prosesdə xüsusi rol oynadığını, açıq, praqmatik və inklüziv türk əməkdaşlığı modelini ardıcıl təşviq etdiyini vurğulayıb. Ekspertin fikrincə, məhz belə model TDT-ni təkcə iştirakçı ölkələr üçün deyil, həm də türk məkanından kənar tərəfdaşlar üçün cəlbedici platformaya çevirir.