Corco Kafyero: Enerji diplomatiyası Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirir

Son iyirmi ildə Azərbaycan enerji diplomatiyası, çoxvektorlu xarici siyasət və çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirakın uzlaşdırılması sayəsində beynəlxalq arenadakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

AZƏRTAC xəbər verir ki, bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında amerikalı ekspert, “Gulf State Analytics” beynəlxalq konsaltinq və analitika şirkətinin baş direktoru Corco Kafyero söyləyib.

Onun sözlərinə görə, ölkənin ən aşkar nailiyyətlərindən biri iri transsərhəd enerji layihələrinin inkişafıdır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Xəzərin qaz ehtiyatlarını Avropa bazarları ilə birləşdirməyə imkan yaradıb, enerji mənbələrinin diversifikasiyasına mühüm töhfə verib. Bu layihələrin əhəmiyyəti iqtisadi çərçivədən xeyli kənara çıxır, çünki onlar Azərbaycanın həm qonşu dövlətlərlə, həm də Avropa ölkələri ilə strateji tərəfdaşlığını möhkəmləndirir.

Ekspertin qiymətləndirməsinə görə, Bakının beynəlxalq mövqelərinin möhkəmlənməsində ABŞ və Avropa İttifaqı ölkələrindən tutmuş Mərkəzi Asiya, Yaxın Şərq və digər regionların dövlətlərinədək geniş dairədə konstruktiv münasibətlərin saxlanmasına imkan verən balanslaşdırılmış xarici siyasət strategiyası da mühüm rol oynayır. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında iştirakının əhəmiyyətini vurğulayıb. Bu iştirak ölkənin Qlobal Cənub dövlətləri arasında tanınmasını artırmağa və Cənub–Cənub əməkdaşlığının inkişafına töhfə verməyə şərait yaradıb.

Ekspert əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bərpa və yenidənqurma işlərinə, eləcə də yeni nəqliyyat əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Bu isə regionda uzunmüddətli sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə töhfə verir.