Vizual məsafədən kənarda reaktiv mühərrikli hava hədəfini vuran və qlobal aviasiya tarixində ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar Kızılelma artıq 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin aparıcı media orqanları martın 7-də məlumat yayıb.
Şirkət “Kızılelma” pilotsuz təyyarənin sınaq seriyasını uğurla davam etdirir.
Yanvarın əvvəlində keçirilən ən son sınaq uçuşları zamanı Baykar mütəxəssisləri pilotsuz döyüş təyyarəsini EOTS (elektro-optik hədəfləmə sistemi) və FEWS-U (elektron müharibə və müdafiə sistemi) ilə təchiz etməklə “Kızılelma”nın imkanlarını əhəmiyyətli dərəcədə artırıblar.
Sınaq proqramı çərçivəsində bundan əvvəl “Kızılelma”dan Türkiyə istehsalı olan TOLUN və TEBER-82 sursatları atılıb, bütün yerüstü hədəflər məhv edilib.
Bundan əlavə, Sinop əyaləti sahillərində pilotsuz döyüş təyyarəsindən “hava-hava” raketi atılıb ki, o da səsdən sürətli reaktiv hədəfi görüntü məsafəsindən kənarda vurub.
Türkiyə hakimiyyəti Bayraktar Kızılelmanı “Türkiyə təyyarə sənayesinin qüruru” adlandırır.