ABŞ-də fəaliyyət göstərən “Times of San Diego” nəşrində “Opinion: A new era dawns for California’s involvement in the South Caucasus” (“Kaliforniyanın Cənubi Qafqazda iştirakında yeni dövr başlayır”) başlıqlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, yazının müəllifi politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teysdir. O, Kaliforniyanın və ümumilikdə ABŞ-nin Cənubi Qafqaz regionundakı rolunun dəyişməsi və yeni imkanların yaranması barədə fikirlərini bölüşüb. Piter Teys qeyd edir ki, son illərdə ABŞ-nin regionda diplomatik fəallığının artması Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcını göstərir. Onun fikrincə, 2025-ci ilin avqustunda Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar uzunmüddətli münaqişənin həlli istiqamətində mühüm dönüş nöqtəsi olub. Müəllif bunu ABŞ diplomatiyasının real nəticəyönümlü addımı kimi qiymətləndirir.
Məqalədə Kaliforniyanın regionla əlaqələrinə xüsusi diqqət yetirilir. Teys vurğulayır ki, ABŞ-də erməni diasporunun böyük hissəsinin məhz bu ştatda yaşaması səbəbindən Kaliforniya uzun illər Cənubi Qafqaz məsələlərində müəyyən təsirə malik olub. Lakin müəllif hesab edir ki, əvvəllər bu təsir daha çox siyasi qarşıdurmaların davam etməsinə səbəb olan mövqelərlə müşayiət olunub və bu, regionda sülh prosesini çətinləşdirib.
Piter Teys indi isə yeni imkanların yarandığını yazır. Onun sözlərinə görə, Kaliforniya siyasətçiləri və biznes dairələri ABŞ-Azərbaycan əməkdaşlığını inkişaf etdirməklə həm regionda sabitliyə töhfə verə, həm də iqtisadi əlaqələri genişləndirə bilərlər. Müəllif xüsusilə texnologiya, ticarət və investisiya sahələrində əməkdaşlıq potensialını vurğulayır.
Yazıda, həmçinin qeyd olunur ki, davamlı sülhün təmin olunması üçün yalnız siyasi və iqtisadi əməkdaşlıq kifayət deyil. Teys hesab edir ki, tələbə mübadiləsi, mədəni əlaqələr və vətəndaş cəmiyyəti səviyyəsində dialoq region xalqları arasında etimadın formalaşmasına mühüm töhfə verə bilər. Beləliklə, müəllif Kaliforniyanın Cənubi Qafqaz siyasətində daha konstruktiv və uzunmüddətli əməkdaşlığa yönəlmiş rol oynaya biləcəyini vurğulayır.