Türkiyənin xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı ötən gün Türkiyə hava məkanına daxil olan ballistik raket müzakirə olunub.
Telefon danışığı zamanı Hakan Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb.
Abbas Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran mənbəli olmadığını bildirib və məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını əlavə edib.
Qeyd edək ki, martın 9-da Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşən NATO hava və raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Məlumata görə, raketin hissələri Qaziantepdə boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Milli Müdafiə Nazirliyi Türkiyə ərazisinə və hava məkanına yönələn təhdidlərə qarşı bütün lazımi addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bildirib.