USTDA Azərbaycanda zəruri infrastrukturun inkişafı imkanını nəzərdən keçirir - Regional direktor (ÖZƏL MÜSAHİBƏ)

ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycanda zəruri infrastruktur layihələrinin reallaşdırılması və ABŞ şirkətlərinin sınaqdan keçirilmiş innovativ texnologiyalarının tətbiqi imkanlarını araşdırır.

Bu barədə Trend-ə özəl müsahibəsində USTDA-nın Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya üzrə regional direktoru Karl Kress Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) 30 illiyinə həsr olunmuş ABŞ-Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində bildirib.

“Bizim fəaliyyətimiz xarici infrastruktur layihələri üçün kapitalın səfərbər edilməsinə kömək edir və eyni zamanda Amerika şirkətləri üçün ixrac imkanları yaradır. Bu model yüksək səmərəliliyini sübut edib. Biz ona görə belə nəticələrə nail oluruq ki, tərəfdaşlarımıza rəqiblərin texnologiyaları əvəzinə Amerika texnologiyalarını seçmək imkanı yaradırıq. İnfrastrukturla bağlı yeni tərəfdaşlıqların təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığın genişlənəcəyinə ümid edirik”, – deyə Kress qeyd edib.

O əlavə edib ki, son illərdə USTDA Azərbaycanda çox fəal olmasa da, agentliyin ölkə ilə məhsuldar əməkdaşlıq tarixi var:

“Məsələn, 2013-cü ildə USTDA Azərbaycanda böyük peyk layihəsinə dəstək verib. Azerspace-2 peyki 2019-cu ilin fevralından uğurla fəaliyyət göstərir. Bundan əlavə, USTDA Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin tikintisinə də əhəmiyyətli dəstək göstərib və bu kəmər hələ də Azərbaycan neftini dünya bazarlarına çatdırır”.

Kress qeyd edib ki, fevralın 11-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası regional əlaqəliliyin inkişafı istiqamətində birgə fəaliyyətə ABŞ-nin sadiqliyini təsdiqləyir. Buraya Transxəzər Ticarət Marşrutunun – Orta Dəhlizin mühüm hissəsinə çevriləcək multimodal “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun yaradılması da daxildir.

“ABŞ–Azərbaycan Xartiyası həmçinin enerji sahəsinə investisiyalara, eləcə də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində tərəfdaşlığa, o cümlədən süni intellekt üçün məlumat mərkəzlərinin yaradılmasına diqqət yetirir. USTDA-nın alətləri bu və digər sektorlarda yeni infrastruktur layihələrinin həyata keçirilməsinə kömək edə bilər. Bakıda keçirdiyimiz son görüşlər əsasən energetika və rəqəmsal infrastruktur mövzularına həsr olunmuşdu. Zəruri əhəmiyyətli mineralları da nəzərə alaraq, məhz bu sahələrdə Azərbaycanın dövlət və özəl strukturları ilə əməkdaşlıq üçün ən böyük potensialı görürük”, – deyə Kress bildirib.

O əlavə edib ki, infrastruktur sahəsinə birbaşa belə diqqət agentliyin missiyası ilə bağlıdır:

“Biz ABŞ hökuməti adından xaricdə kritik infrastrukturun inkişafı sahəsində öncüllərdən biriyik. USTDA infrastruktur layihələrinin hazırlanmasını sürətləndirən ilkin planlaşdırmanı maliyyələşdirir. Buraya texniki-iqtisadi əsaslandırmalar, texniki yardım və pilot layihələr daxildir. Bu addımlar perspektivli ideyaların tərəfdaşlarımıza fayda gətirən və Amerika şirkətləri üçün ixrac imkanları yaradan etibarlı infrastruktur layihələrinə çevrilməsi üçün əsas rol oynayır”.