Rumıniyanın sabiq Baş naziri: Enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə Avropa üçün çox vacibdir

Avropa İttifaqına daxil olan ölkənin nümayəndəsi kimi hesab edirəm ki, Azərbaycanın töhfəsi son dərəcə vacibdir. Xüsusilə də hazırkı dövrdə – fosil yanacaqlardan əldə olunan enerjinin təmin edilməsində çoxsaylı çətinliklərin yaşandığı bir vaxtda Azərbaycanın bu təchizatın təmin edilməsi üçün lazımi addımları atmağa hazır olması böyük əhəmiyyət daşıyır və biz buna görə çox minnətdarıq.

Bu barədə AZƏRTAC-a müsahibəsində Rumıniyanın sabiq Baş naziri Petre Roman deyib.

O qeyd edib ki, Qlobal Bakı Forumu dünyaya əməkdaşlıq mesajı verir. “Biz israrla əməkdaşlıq haqqında mesaj verməyə çalışırıq. Dünya siyasətinin əsas xüsusiyyəti əməkdaşlıq olmalıdır. Bakıda keçirilən və hər il daha da genişlənən bu böyük forum məhz bu mühüm mesajı çatdırır – biz əməkdaşlığa hazırıq, dialoqa hazırıq və problemləri birlikdə həll etmək istəyirik”, – deyə Petre Roman vurğulayıb.