Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
“Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində çoxsaylı insanların həlak olması və yaralanması bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkmiş insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Efiopiyada son günlər güclü yağışların yaratdığı torpaq sürüşməsi və sel fəlakəti baş verib. Hadisə əsasən ölkənin cənubunda yerləşən Gamo bölgəsində qeydə alınıb.
Bir həftəyə yaxın davam edən şiddətli yağışlar torpağın yumşalmasına səbəb olub. Nəticədə dağlıq ərazilərdə torpaq sürüşmələri və qəfil daşqınlar baş verib. Bir neçə yaşayış məntəqəsi palçıq və torpaq altında qalıb. Onlarla insan həlak olub, bəzi məlumatlara görə ölənlərin sayı 80-dən çoxdur. 100-dən çox insan itkin düşmüş hesab olunur.