BMT-nin Baş katibi Antonio Quterreş ölkələri “birlikdə işləməyə” və müsəlmanlara qarşı artan nifrət dalğasını aradan qaldırmağa, “qorxu və təcrid hekayələrini” rədd etməyə çağırıb.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Baş katibin müraciətində deyilir: “Münaqişə və qeyri-sabitlik artdıqca, dünyada milyonlarla müsəlman bu ağrını özləri ilə daşıyır. Gəlin bərabərliyə, insan hüquqlarına və ləyaqətinə yenidən sadiq qalaq”.
Baş katib xəbərdarlıq edib ki, azlıq kimi yaşayan çoxlu sayda müsəlmanın gündəlik həyatı təcrid, institusional ayrı-seçkilik, sosial-iqtisadi marjinallaşdırma, əsassız nəzarət və profilləşdirmə ilə formalaşır.
Dünyadakı iki milyard müsəlmanın müqəddəs Ramazan ayının sonuna yaxınlaşdıqca, Quterreş hökumətləri məsuliyyəti öz üzərinə götürməyə və bərabərliyi qoruyan, qərəzsiz tədbirlər həyata keçirməyə çağırıb. O, nadir hallarda xəbər başlıqlarına çıxan, lakin buna baxmayaraq “ağır həyatı formalaşdıran, etimadı sarsıdan və kimin mənsub olduğu və ya olmadığı barədə aydın bir mesaj göndərən” incə qərəzlilik hallarına qarşı xəbərdarlıq edib. “Bunlar səssizcə rədd edilən fürsətlər, şübhə doğuran fərziyyələrdir. Müsəlmanlara qarşı ritorika, dezinformasiya və açıq nifrət zəminində idarə olunan və təhlükəli şəkildə gücləndirilən hallar da ola bilər”, -deyə Baş katib vurğulayıb.
A. Quterreş diqqətə çatdırıb ki, islamofobiyanın nəticələri ağrılı dərəcədə realdır. O qeyd edib: “Təqib, qorxutma, vandalizm, təhdid - insanlara və məscidlərə hücumlarla müşayiət olunan bütün bu hərəkətlər hər yerdə dinc, inklüziv cəmiyyətlərin əsasını təşkil edən dəyərlərə hücumdur”.
Baş katib Assambleyada çıxışında ayrı-seçkiliyin səlahiyyətli şəxslər tərəfindən dəstəklənməsi hallarının qərəzi daha da artırdığını bildirib: “Stereotiplərə etiraz edilmədikdə, onlar siyasətə çevrilir. Qorxunun qərar qəbuletmə prosesinə rəhbərlik etməsinə icazə verildikdə, ədalətsizlik yaranır. Hökumətlərin aydın məsuliyyəti var, onları insanları qoruyan və insan hüquqlarına hörmət edən qanunvericilik və təhlükəsizlik tədbirləri irəli sürməyə çağıram”.
O, həmçinin texnologiya şirkətlərinin məsuliyyətini vurğulayıb və bildirib ki, onlayn məkanlar insanları bir araya gətirməli, onları bir-birindən ayırmamalıdır. Baş katib vurğulayıb: “Texnologiya nəhəngləri nifrət ritorikasını və təqibi müəyyən etmək, bu mənfi halların qarşısını almaq üçün daha çox iş görməlidir”.
Baş katib qeyd edib ki, nifrət ritorikası qarşısında sükut onun yayılmasına imkan verir. “Hamımızın fanatizmə, ksenofobiyaya və ayrı-seçkiliyə qarşı səsimizi çıxarmaq məsuliyyəti var. Ramazan ayının sonu yaxınlaşdıqca, dünya müsəlmanları BMT Nizamnaməsinin əsasını təşkil edən dəyərləri bir daha təsdiqləyirlər... Bu universal prinsiplər nifrət və bölünməyə qarşı qlobal reaksiyamıza rəhbərlik etməlidir”, -deyə Quterreş çıxışını yekunlaşdırıb.
Nyu-Yorkda keçirilən tədbirdə çıxış edən Baş Assambleyanın prezidenti Annalena Berbok isə bu qərəzlərin rəqəmsal dövrdə daha da gücləndiyini bildirib. O əlavə edib ki, texnologiyaların əlaqəni artırmalı olduğu halda, əksinə, dezinformasiyanı və qərəzli yanaşmanı sürətlə yayması məyusedicidir. “İslamofobiyaya qarşı durmaq yalnız bir dini icmanı müdafiə etmək deyil. Bu, həmçinin ortaq bəşəri dəyərləri müdafiə etməkdir. Mən hökumətləri, beynəlxalq qurumları, texnologiya şirkətlərini və vətəndaş cəmiyyətini Birləşmiş Millətlər Təşkilatının nümunəsini izləməyə, dəqiq və məsuliyyətli məlumatları təbliğ edərkən zərərli stereotiplərə qarşı proaktiv rol oynamağa təşviq edirəm”.