Azərbaycanda AI məzmununa nişan qoymaq məcburi olacaq

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılmasına görə cərimə tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək.

 

Burada "nişanlanma" dedikdə foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşüləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.