Türkiyə Prezidenti: Jurnalistika cəmiyyət üçün həqiqət kompasıdır

Bu gün dezinformasiya selinə qarşı durmaq, milli imiclərin ləkələnməsinin qarşısını almaq və feyk xəbərlərin yayılması yolu ilə cəmiyyətlərin bölünməsinin qarşısını almaq hər zaman olduğundan daha vacibdir. Media bu məsələdə xüsusi rol oynayır.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Ankarada media nümayəndələrinin və yazıçıların qatıldığı iftar zamanı verib.

O, hər bir ölkənin ədalət və obyektivlik prinsiplərinə üstünlük verən peşəkar, güclü media strukturlarına ehtiyacı olduğunu bildirib.

“Jurnalistlər, ehtiyac yaranarsa, tənqid etmək, suallar vermək və prosesləri stimullaşdırmaq yolu ilə ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər”, - deyə dövlət başçısı bildirib.

Türkiyə lideri güclü cəmiyyətin mövcudluğunun yalnız “sağlam informasiya” axını ilə mümkün olacağını vurğulayıb: “Biz informasiyanın hazırlanması və yayılmasının görünməmiş dərəcədə sürətli tempə çatdığı bir dövrdə yaşayırıq. Təəssüf ki, bu sürət həm də yalan, qərəzli və zərərli məzmunun yayılmasına zəmin yaradır və faktların yoxlanılması mexanizmlərinə mane olur”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Həqiqət və şayiə, reallıq və qavrayış arasındakı sərhədlərin getdikcə daha çox bulanıqlaşdığı bir media mühitində jurnalistika vətəndaşlar üçün həqiqət kompası rolunu oynayır. Buna görə də həqiqəti axtaran jurnalistlərin daşıdığı yük son dərəcə vacib və kritikdir”.