Tatyana Valovaya: Qlobal Bakı Forumu xüsusi əhəmiyyət kəsb edir

Qlobal Bakı Forumu çoxtərəfli sistemdə islahatların aparılması yollarını müzakirə etmək üçün vacib beynəlxalq platformadır.

BMT-nin Cenevrədəki Ofisinin baş direktoru Tatyana Valovaya AZƏRTAC-a bildirib ki, forumun 13-cü dəfə keçirilməsi mövcud qlobal proseslər fonunda onun əhəmiyyətini vurğulayır.

“Bu gün dünya bir-biri ilə sıx bağlı olan çoxsaylı böhranla üzləşir. Eyni zamanda, çoxtərəfli sistem məhz ən çox ehtiyac duyulduğu anda ciddi təzyiq altındadır. Bu kontekstdə Qlobal Bakı Forumu kimi platformalar xüsusilə vacibdir”, -deyə Valovaya bildirib.

O vurğulayıb ki, forum beynəlxalq münasibətlər sahəsində yüksəksəviyyəli siyasətçiləri və ekspertləri bir araya gətirir, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara cavab verən həllərin hazırlanması sahələrində müzakirələr üçün şərait yaradır.

Ofis rəhbəri Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WF13) haqqında danışarkən bildirib ki, bu, BMT sistemindəki ən böyük tədbirlərdən biridir.

“Ümumdünya Şəhərsalma Forumu təkcə dövlətlər üçün platforma deyil. O, qeyri-hökumət təşkilatlarını, vətəndaşları, özəl sektoru və gəncləri bir araya gətirir. Bu, cəmiyyətin müxtəlif təbəqələrini müzakirələrə cəlb edən çoxtərəfli müasir kooperasiya nümunəsidir”, -deyə Tatyana Valovaya bildirib.

Onun fikrincə, belə bir tədbirin keçirilməsi şəhərlərin dayanıqlı inkişafının təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır.

Baş direktor əmin olduğunu bildirib ki, bu cür təşəbbüslər beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olan səmərəli həll yollarının işlənib hazırlanmasına kömək edir.